Körpə nərə balıqları qanunsuz ovlayanlar ələ keçdi - VİDEO

 11:36 20.02.2023     343

Qanunsuz balıq ovunun və qeyri-qanuni əldə edilmiş ov məhsullarının satışının qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə keçirilən birgə nəzarət tədbirləri zamanı Sumqayıt, Siyəzən, Şabran və Xudat şəhərlərində qanunsuz ovlanmış körpə nərə cinsli balıqların satıldığı müəyyən edilib. Bakı-Siyəzən-Quba avtomagistralının kənarındakı ərazidə nəzarət-profilaktik qaydada yoxlama aparılan zaman sanitariya və gigiyena qaydalarına əməl olunmadan satılan balıqların süni yolla yaradılan kiçik gölməçələrdə üfunətli suda ölü balıqlarla birgə saxlanıldığı müəyyən edilib. 

Redaktor.az xəbər verir ki, araşdırma zamanı Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərə cinsli balıqların icazələri və kvotaları olmadan tutulub satılmasını təşkil edənlərin Əbülfəz Mirzəyev, Vüqar Əsgərov, Həkim Məsimov, Ramil Ağamalıyev, Yaqub Dadaşov, Elvin Həsənov, Kamal Ədilov və Rasim Məhərrəmov olduğu müəyyən edilib. Bu şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

 Su Nəqliyyatında Polis İdarəsinin Brokonyerliklə Mübarizə Bölməsinin və digər aidiyyəti dövlət orqanlarının əməkdaşları tərəfindən həmçinin Nizami rayonu “8-ci kilometr” qəsəbəsində yerləşən bazarda da sanitar qaydalara əməl olunmadan, eləcə də  körpə nərə cinsli balıqların satıldığı müəyyən edilib.  

Su Polisləri tərəfindən ökə ərazisində xüsusən Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli balıq ovunun və satışının qarşısını almaq məqsədilə keçirilən nəzarət tədbirləri qeyd edilən ərazilərlə bərabər, həmçinin Xaçmaz, Lənkəran, Neftçala və Salyan şəhərlərində davam etdirilir. İdarə əməkdaşları tərəfindən, həmçinin Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələri gətirməyə çalışan, adı “Qırmızı Kitab”a düşən quşların ovlanması və digər ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilərək saxlanılması,  dənizin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə tədbirləri mütəmadi olaraq aparılır. 

Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.