Zaqatalada bir neçə cinayətkar saxlanıldı

 09:40 21.02.2023     217

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı dələduzluq, oğurluq cinayətləri törədən, narkotiklərin dövriyyəsi və satışı ilə məşğul olan, eləcə də qanunsuz odlu silah-sursat saxlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Redaktor.az verilən məlumata görə, polis şöbəsinə müraciət edən zərərçəkən, “Vüqar” adlı şəxsin onun yaxın dostunu cəzaçəkmə müəssisəsindən azad etdirəcəyi kimi yalan vədlər verərək 24 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini Vüqar Əlizadə şübhəli şəxs qismində saxlanılıb və o, ifadəsində əməlini etiraf edib. Saxlanılan şəxsin digər analoji cinayətlərdə də iştirakının olub-olmaması araşdırılır.

Keçirilən digər əməliyyat zamanı isə rayon ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən oğurluq edən rayon sakini Azər Əzizov tutulub. Onun evdə heç kimin olmadığı müddətdə həmin ünvana daxil olduğu, tikintidə və məişətdə istifadə olunan əşyaları oğurladığı müəyyən edilib.

A.Əzizov oğurladıqlarının bir qismini satsa da, bəziləri onun yaşadığı evdən maddi sübut kimi götürülüb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə əvvəllər məhkum olunmuş 4 nəfər- Fərid Qazaxov, Ağaseyid Qarayev, Rəsul İsmayılov və Şahmar Soltanov saxlanılıb. Şəxsi axtarış zamanı onlardan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq istintaqa təqdim olunub. Qeyd edək ki, Ş.Soltanov bir müddət əvvəl də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub. Ancaq o, bundan nəticə çıxarmayaraq yenidən eyni əməlinə görə tutulub.

Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə 11 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri aşkar edilərək götürülüb. Həmin silahlar ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanunamüvafiq tədbir görülüb.

Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.