Güclü külək kəndləri işıqsız qoydu
Oğuz rayonunda güclü külək kəndləri elektrik enerjisiz qoyub.
Redaktor.az Report-a istinadla xəbər verir ki, bu gün axşam saatlarında rayonda əsən şiddətli külək irigövdəli ağacı kökündən qopararaq elektrik naqillərinin üzərinə aşırıb. Nəticədə bir neçə kəndi elektrik enerjisi ilə təmin edən naqillər qırılıb.
Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayon ərazisindən keçən hissəsində irigövdəli ağacın elektrik naqillərini qırması nəticəsində Oğuz şəhərinin bir hissəsi, Calut-1, Calut-2, Bucaq, Muxas, Baş Daşağıl kəndləri və Malıx yaşayış məntəqəsinin elektrik enerjisi kəsilib. Elektrik enerjisinin kəsilməsi nəticəsində ümumilikdə 5 min nəfər işıqsız qalıb.
Aşan ağacın kəsilərək ərazidən təmizlənməsi və yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin olunması istiqamətində işlər aparılır.
Hazırda Oğuz rayonunda güclü külək əsməkdə davam edir.