Silahlı insidentdə yaralanan şəxslərin son durumu - YENİLƏNİB

 17:27 10.03.2023     1468

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqəli TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir.

TƏBİB-dən Redaktor.az-a verilən məlumata görə, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda KTM-in Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir.

Qeyd olunub ki, sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb, vəziyyəti orta ağır qiymətləndirilir.

***

Kliniki Tibbi Mərkəz Bakıda atışmada yaralananların vəziyyətini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Mərkəzdən yaralananların vəziyyətinin stabil olduğunu bildirilib.

"Yaralananların hər ikisinin vəziyyəti orta-ağırdır, stabil qiymətləndirilir. Bütün zəruri tədbirlər görülür”, - açıqlamada deyilir.

Qeyd edək ki, Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı aparılan araşdırmalar nəticəsində 2 nəfərin xəsarət aldığı məlum olub. Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıblar.