İnstaqramda dələduzluq edən saxlanıldı - VİDEO
İnstaqram sosial şəbəkəsində vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan və pullarını ələ keçirən şəxs saxlanılıb.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı axtarışda olan Firuddin Həsənov tutulub.
Onun instaqramda açıq səhifələrə daxil olaraq həmin şəxsin dostluğunda olanlarla əlaqə yaratdığı, daha sonra özünü profilin sahibi kimi qələmə verib müxtəlif məbləğlərdə borc pul istədiyi müəyyən edilib. Firuddin Həsənov zərərçəkənlərdən pul vəsaitlərinin karta köçürülməsini istəyib.
Həmin vəsaitləri əldə edəndən sonra isə Firuddin Həsənov zərərçəkənlərin əlaqə yaratmaması üçün onların mobil telefonlarını və sosial şəbəkə hesablarını bloklayıb. Saxlanılan şəxs dələduzluq edən zaman zərərçəkənlərlə əsasən 055-460-50-04 və 070-827-50-50 mobil nömrəsi ilə əlaqə saxlayıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. Firuddin Həsənovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, "102" Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.