Müəllimin özünə xəsarət yetirməsi ilə bağlı prokurorluqdan AÇIQLAMA

 14:43 04.04.2023     466

“Qubada Birinci Nügədi kənd sakini, ibtidai sinif müəllimi Aygün Mustafayevanın özünə bıçaqla xəsarət yetirməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır”.

Redaktor.az xəbər verir ki, bunu oxu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirib. 

Bildirilib ki, toplanmış sübutlar nəticəsində hadisəyə hüquqi qiymət verilərək müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən isə bildirilib ki, məsələ araşdırılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Qubada Birinci Nügədi kəndin 1 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimi Aygün Mustafayeva və direktor müavini Sara Nağıyeva arasında mübahisə düşüb. 

Mübahisə əsnasında əl-qol hərəkətləri olduğundan direktor müavini müəllimi polisə şikayət edib.

Daha sonra Aygün Mustafayeva yaşadığı evdə özünə xəsarət yetirib və yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Hazırda onun intizamsız davranışları davam edir.