Maestro Niyazinin oğulluğu “Kalaşnikov”la saxlanıldı
Şamaxı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Kafidən nömrəsi silinmiş “AKS-74” markalı avtomat silah, 1 ədəd patron darağı və 30 ədəd patron aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Maestro Niyazinin xanımını qətlə yetirən oğulluğu yenidən həbs olunub.
Ceyhun Teymur oğlu Kafi dəfələrlə məhkum olunub. O, 2011-ci ildə də Bakının Səbail rayonu ərazisində avtomatla saxlanılıb. Bundan başqa, Ceyhun Kafi narkotiklə bağlı da məhkum edilib. Onun narkotik aludəçisi olduğu deyilir.
O hazırda Cinayət Məcəlləsinin 228-ci (qanunsuz odlu silah saxlama) maddəsi üzrə ittiham olunur.
Kafi vaxtilə maestro Niyazi tərəfindən övladlığa götürülüb. Maestro haqqında filmdə də Ceyhunun uşaqlıq illəri ilə bağlı görüntülər var. Bu barədə "Qara Talelər" sənədli filmində də bəhs olunub. Həmin film Niyazinin oğulluğu Ceyhun Kafidən bəhs edir.
Ceyhun Kafi analığını, maestro Niyazinin həyat yoldaşı Həcər xanımı öldürməkdə də ittiham olunub. O, analığını öldürərək evi qarət edib.