İranla məxfi əməkdaşlıq edən şəxs silah-sursatla tutuldu - VİDEO

 14:23 14.04.2023     729

Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından ölkəmizə qeyri-leqal yollarla göndərilən “Kalaşnikov” avtomatı və narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşının alınması istiqamətində əməliyyat həyata keçirilib.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, İdarəyə xidməti ərazi olan Qaradağ rayonunda dəniz kənarında bir nəfərin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlaqə yaradaraq onun ölkəyə göndərdiyi silah və narkotikləri qəbul edəcəyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi su polisləri tərəfindən nəzarətə götürülüb. Həmin şəxs İran vətəndaşının ona göndərdiyi bağlamanı götürüb ərazidən uzaqlaşmaq istəyən zaman su polisləri tərəfindən saxlanılır.Araşdırmalar zamanı onun paytaxt sakini Orxan Əzizəliyev olduğu müəyyən edilib və o, vaxtı ilə özəl mühafizə şirkətlərindən birinin əməkdaşı olub. Orxan Əzizəliyevin əlindəki bağlamaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd parton darağı, 60 ədəd patron və külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib. 

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir. 

Qeyd edək ki, balıqovlama mövsümünün başa çatması ilə əlaqədar olaraq Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həmçinin brokonyerliklə, Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərə cinsli balıqların və adı “Qırmızı Kitab”a düşən quşların ovlanması ilə məşğul olan şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb edilmələri, eləcə də dənizin dibi ilə çəkilən dəmir boru kəmərlərini qanunsuz olaraq kəsib satışını təşkil edənlərə qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Araşdırma zamanı müəyyən edilib ki, körpə cinsli nərə balıqların qanunsuz ovlanması paytaxt, eləcə də bölgələrdə fəaliyyət göstərən bir neçə kafe və restoran sahibləri tərəfindən sifariş edilir. Həmin ictimai iaşə obyektlərinin sahiblərinə xəbərdarlıq edilərək bildirilir ki, onlar barəsində Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən digər müvafiq dövlət orqanları ilə birgə qanununauyğun ciddi tədbirlər görüləcək.

Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.