İlkin Süleymanovun növbəti məhkəməsi keçirildi
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Redaktor.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkillərinin qaldırdığı hal şəhidi qismində Salman Ələkbərovun məhkəmədə dindirilməsi və İlkin Süleymanovun mobil telefonunun əhatə dairəsi barədə məlumatın məhkəməyə təqdim edilməsi vəsatətləri təmin olunmayıb.
Belə ki, hal şahidi qismində S.Ələkbərovun ifadəsinə ehtiyac olmadığı bildirilib.
Təqsirləndirilən İlkin Süleymanovun vəkilləri vəsatətlərinin təmin olunmaması ilə bağlı şikayət edəcəklərini bildiriblər.
Növbəti məhkəmə iclası aprelin 26-na təyin olunub.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.