Evdən 10 min manatlıq əşya oğurlandı - FOTO
Neftçalada evdən 10 000 manat dəyərində məişət əşyaları oğurlanıb.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, cari ilin aprel ayının 1-dən 15-dək olan müddətdə rayonun Bankə qəsəbəsi ərazisində yerləşən evlərin birindən 10 000 manat dəyərində məişət əşyalarının və avadanlıqlarının oğurlanması barədə Neftçala Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən həmin qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Davud Babayev və Cavidan Abdullayev saxlanılıblar.
Dindirilmə zamanı D.Babayev və C.Abdullayev cinayət əməllərini səmimi etiraf edərək, qabaqcadan əlbir olaraq zərərçəkmişə məxsus evə 5 dəfə qanunsuz daxil olduqlarını və oradan müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurladıqlarını bildiriblər. Qənimətlərin bir qismini dəyərindən ucuz qiymətə satan tanışlar əldə etdikləri pulları öz aralarında bölüblər. Əşya və avadanlıqların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. D.Babayev və C.Abdullayevin digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.