Atasını öldürüb mobil telefonunu satdı

 13:20 14.05.2023     454

Şəkidə atasını öldürüb mobil telefonunu satmaqda şübhəli bilinən gənc saxlanılıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Mayın 12-də Şəki rayonunun İnçə kənd sakini, 1959-cu il təvəllüdlü İsmayıl Gülüyevin yaşadığı ünvanda meyitinin aşkar edilməsi barədə Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Şəki Şəhər Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri cinayət-prosessual hərəkətlər yerinə yetirilib. Araşdırma zamanı İsmayıl Gülüyevin şəxsi münaqişə zəminində oğlu, 1998-ci il təvəllüdlü Katıf Gülməmmədli tərəfindən mayın 4-də boğularaq öldürülməsi və atasını öldürdükdən sonra onun mobil telefonunu Bakı şəhərinə apararaq orada satması müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Katıf Gülməmmədli tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.