Külli miqdarda narkotikə görə həbs edilənlərə BƏRAƏT VERİLDİ

 19:12 16.05.2023     480

Külli miqdarda narkotik dövriyyəsində ittiham olunan üç nəfər-Aslan Fərəcov, Mahmud Nəzərov və Asəf Səmədzadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Redaktor.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hakim Samir Əliyevin sədrlik etdiyi hakimlər heyəti təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların təsdiqini tapmadığı qənaətinə gəlib.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər birinə bəraət verilib, məhkəmə zalından birbaşa azadlığa buraxılıblar.

İttihamda deyilir ki, əvvəllər dəfələrlə məhkum olunmuş Aslan Fərəcov, Asəf Səmədzadə, Mahmud Nəzərov xüsusi əməliyyat tədbirləri ilə tutulublar. Onların üzərində şəxsi axtarış zamanı külli miqdarda narkotik aşkar olunub.

Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib (apa).