Bakıda məhkəmədə olay - Öldürdüyü şəxsin anasını döydü

 19:28 17.05.2023     616

Bakıda “Berlin pub”da qətl törətməkdə təqsirləndirilərək 15 il azadlıqdan məhrum olan idmançı Əli Abbasov Bakı Apellyasiya Məhkəməsində qətlə yetirilmiş Bəxtiyar Nəsibovun anasına xəsarət yetirib.

Redaktor.az xəbər verir ki. bu barədə “Trend”ə B.Nəsibovun anası Nəzakət Bayramova məlumat verib.

O bildirib ki, hadisə mayın 17-də saat 11:40 radələrində Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında baş verib.

“Binanın 1-ci mərtəbəsində məhkum Abbasov Əli Allahverdi oğlu təpiklə qarnımdan vuraraq mənə xəsarət yetirdi.

Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçiriləcək məhkəmə iclas zalına gətirilərkən Əli Abbasov məhkəmə zalının qarşısında qəfildən çevrilərək mənim qarın nahiyəmə təpiklə ağır zərbə endirdi. Bu azmış kimi, onun dost-tanışları da məni itələyərək yıxdı və nalayiq söyüşlərlə təhqir etdilər.

Mən ağır xəsarət aldım. Məhkəməyə çağırış əsasında təcili tibbi yardım gəldi, ilkin tibbi yardım göstərdi. Amma vəziyyətim ağır olduğu üçün məni xəstəxanaya yerləşdiriblər. Hazırda xəsarətlərim ağır olduğundan xəstəxanada müalicə alıram”, - o deyib.

N. Bayramova məsələ ilə bağlı Yasamal Rayon Prokurorluğuna müraciət edib.