Zorla ərə verilən qızın valideynləri bağlı AÇIQLAMA - FOTO

 19:55 17.05.2023     625

Beyləqanda nikah yaşına çatmayan qızın zorla ərə verildiyi haqqında məlumat yayılıb. 

Redaktor.az xəbər verir ki, sözügedən hadisə haqqında sosial şəbəkə hesabında paylaşım edən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib. O qeyd edib ki, Beyləqan rayonu, Birinci Şahsevən kəndində 15 yaşlı qızın toyudur. M. Zeynalova məsələnin araşdırılması üçün Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.

“Çox vacib bir məsələni aidiyyatı qurumların nəzərinə çatdırmaq istəyirik. 15 yaşlı qız təhsildən yayındırılaraq, evləndirilmək üzrədir. Artıq qonşulara dəvətnamələr belə paylanıb. Verilən məlumata görə, azyaşlı dəfələrlə başqa şəxslərlə məcburi nişanlandırılıb, ancaq nişanı qaytarılıb. Bizə verilən məlumatda onu da bildirdilər ki, qızın evlilik barədə razılığı yoxdur, ailə isə tez bir zamanda sanki qızlarından can qurtarmaq istəyir. Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində baş verən bu hadisəni qınayırıq və azyaşlıya təhsilinə gələcəyinə dəstək göstərməyə hazırıq.

Daxili İşlər Nazirliyi, xahiş edirik məsələni nəzarətə götürəsiniz” – deyə, M.Zeynalova bildirib.

Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı oxu.az-a cavab olaraq bildirib ki, yayılan iddialar RPŞ-də araşdırılıb. Həmin qız 17 yaşını tamamladığına görə, məsələ ilə əlaqədar qanunla nəzərdə tutulmuş - inzibati və cinayət məsuliyyəti yaranmayıb. Hazırda polis əməkdaşları tərəfindən valideynlərlə profilaktik söhbətlər aparılır.