Transseksualların tutulmasına etiraz edənlər saxlanıldı
Bakıda iki transseksualın xuliqanlıq əməlinə görə saxlanılmasından sonra onların buraxılmasını tələb edən şəxslər polis şöbəsinin qarşısında yığışıb.
Redaktor.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, mayın 23-də saat 22:30 radələrində Faiq Əlverdiyev, Zaur Əsgərov, Əli Məlikov, Əli Əhmədov, Cavid Nəbiyev, Orxan Məmmədov və Seymur Allahverdiyev Xətai RPİ 37-ci PŞ-nin qarşısında toplaşaraq məsuliyyətə cəlb edilən tanışlarının saxlanılmasına etiraz olaraq səs-küy salaraq polis əməkdaşları ilə mübahisəli vəziyyət yaratdıqlarına görə polis bölməsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilib.
Əldə etdikləri məlumata görə, saxlanılan 7 nəfər də cinsi azlıq nümayəndələridir.
Qeyd edək ki, mayın 22-də saat 22 radələrində Xətai rayonunda yerləşən hotellərin birində Bakı şəhər sakinləri – 2003-cü il təvəllüdlü Sübhan Şərifzadə və 2004-cü il təvəllüdlü Samir Qədimzadə xuliqanlıq zəminində paytaxt sakini 1979-cu il təvəllüdlü şəxsi döyməsi, hoteldə olan əşyaları dağıdaraq 1000 manat məbləğində ziyan vurmaqla xuliqanlıq hərəkətləri törədiblər. Faktla bağlı prosessual qanunvericiliyə uyğun olaraq araşdırma aparılır.