Məktəbdə şagird narkotik satır? - RƏSMİ AÇIQLAMA

 20:48 25.05.2023     471

Bu gün səhər saatlarında Yasamal rayonu 158 nömrəli orta məktəbdə müəllimlə valideyn arasında insident baş verib.

Redaktor.az xəbər verir ki, yayılan məlumata görə, məktəbdə metamfetamin satdığı iddia olunan 10-cu sinif şagirdinin atası direktorun otağında həmin məktəbin dil-ədəbiyyat fənnini tədris edən Səhər Əhmədovaya kobud davranıb. 

Hadisə ilə bağlı sözügedən tədris müəssisəsi açıqlama yayıb. 158 nömrəli tam orta məktəbdən “Qafqazinfo”ya daxil olan məlumatda deyilir: “​Müəllim şagirdə böhtan atıb. Bu gün Xç sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) valideyni məktəbə gələrək bildirib ki, Azərbaycan dili və ədəbiyyat müəllimi Səhər Əhmədova onların evinə zəng edərək övladının ünvanına böhtan atıb. Məsələ ilə bağlı müəllim və valideynlə görüş zamanı onlar arasında insident yaşanıb. Müəllimlə söhbət aparılıb, o izahat verməkdən imtina edib.

Məktəb rəhbərliyi tərəfindən məsələ ilə bağlı müvafiq araşdırma aparıldıqdan sonra qanunauyğun tədbirlər görüləcək”.

Məktəbdən həmçinin bildirilib ki, həmin şagird idmanla məşğul olur və zərərli vərdişlərlə əlaqəsi yoxdur.

Xatırladaq ki, Səhər Əhmədova “Bizim.media”ya açıqlamasında şagirdlə bağlı bunları deyib: “​Bir sinifdə oxuduğu bacım qızına travma yaşadıb. Bir neçə ay əvvəl qıza bıçaq çəkib. Ötən gün aralarında növbəti problem yaşanıb. Eşitmişəm ki, metamfetamin satmaqla məşğuldur, dəfələrlə məktəb çantasından qəlyan çıxıb, pis vərdişləri var, 10-cu sinfə isə bütün fənlərdən "2" qiymətlə çıxıb. Aşağı sinif şagirdləri belə ondan qorxur, yan gəzir və kriminal uşaq olduğunu deyirlər. Bir sözlə hamıya qənim kəsilib. Məktəb direktoru isə bu vəziyyətə və baş verənlərə susur".

Müəllim iddia edib ki, bunları şagirdin atasına bildirəndə o, qadının üzərinə hücum edərək telefonunu əlindən alıb.

Qeyd edək ki, Səhər Əhmədova pedoqoji fəaliyyətlə yanaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, yazıçı kimi tanınır. 

***

DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, qeyd olunan məlumat ərazi polis orqanı əməkdaşları tərəfindən tam və hərtərəfli araşdırılıb, iddialar öz təsdiqini tapmayıb.  

“Əlavə olaraq bildirirəm ki, bu iddialar qərəzlidir, haradan və kimdən qaynaqlandığı müəyyən edilib” - DİN rəsmisi bildirib.