Bakıda yaşayış binasında yanğın oldu - Bir nəfər xilas edildi

 13:33 01.06.2023     289

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində başladığı müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 57m² olan ikiotaqlı mənzilin mətbəxində paltaryuyan maşın və mətbəx mebeli qismən yanıb.

Yanğının digər otaqlara keçməsinin qarşısı alınıb, mənizilin böyük hissəsi yanğından mühafizə olunub.

Hadisə zamanı mənzildə olan bir nəfər şəxs xilasedicilər tərəfindən xilas edilərək ilkin yardım göstərilib və təcili tibbi yardım briqadasına təhvil verilib.