Hədə qorxu ilə vətəndaşların pulunu alan keçmiş polis həbs edildi - VİDEO

 21:15 03.06.2023     813

Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim edən şəxslə bağlı iddialar və görülən tədbirlər açıqlanıb.

DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Redaktor.az-a bildirib ki, səhər də qeyd edildiyi kimi 6 vətəndaşdan daxil olan şikayət əsasında sabiq polis nəfəri Asim Kərimov barəsinə DİN-də cinayət işi başlanılıb:

“Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, orqandan xaric edildikdən sonra vətəndaşlardan hədə-qorxu yolu ilə pul tələb etməkdə şübhəli bilinir”.

***

Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim etməklə iddialar səsləndirən şəxsin görüntüləri yayılıb.

Redaktor.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevin sözlərinə görə, həmin şəxs polis orqanlarında xidmət edib və xidmət etdiyi dövrdə vətəndaşlardan daxil olan çoxsaylı şikayət əsasında mart ayında ciddi nöqsanlarına görə Binəqədi RPİ rəisinin əmri ilə daxili işlər orqanlarından xaric edilib. 

Sonradan Asim Kərimov özünü polis əməkdaşı kimi təqdim etməklə vətəndaşlara qarşı qanunsuz əməllərini davam etdirib. 

Qanunsuz əməllərinə görə onun barəsində araşdırma başlanılıb. Buna görə o, barəsində aparılan icraatdan yayınmaq üçün sosial şəbəkələrdə əsassız, həqiqətə uyğun olmayan iddialar səsləndirir.