Sanitariya qaydalarını pozan bələdiyyə sədrləri, icra nümayəndəsi və sahibkar CƏRİMƏLƏNDİ

 14:56 08.06.2023     404

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, iyunun 5-də Bakı şəhəri və Şamaxı rayonu ərazilərində keçirilən belə tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması) və 262.2.3-cü (içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması) maddələrinin tələblərini pozduqlarına görə Bakı şəhəri Suraxanı rayonunda Zığ qəsəbəsinin icra nümayəndəsi, Şamaxı rayonunda Sabir, Həyəli, Mədrəsə və Şəhriyar qəsəbələrinin bələdiyyə sədrləri, Şərədil kəndi ərazisində “Sərin Meşə” adlanan restoranın direktoru, Avaxlı kəndində bir vəzifəli, Sabir qəsəbəsində 2 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

222222222