Kürdəmirdə baş verən atışmanın təfərrüatları məlum oldu

 10:12 11.06.2023     656

Kürdəmirdə baş verən qətlin təfərrüatları məlum olub.

Redaktor.az xəbər verir ki, 55 yaşlı rayon sakini 46 yaşlı həmyerlisinə “Makarov” tipli tapança ilə 3 güllə xəsarəti yetirərək onu qətlə yetirib.

Hadisə rayonun 69-cu məhəlləsi adlanan ərazisində qeydə alınıb. Belə ki, aralarında yaranan mübahisə zəminində rayonun Muradxan kənd sakini əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu rayonun Sor-Sor kənd sakini 1977-ci il təvəllüdlü Məmmədov Müşfiq Cümşüd oğluna “Makarov” tipli tapança ilə üç güllə xəsarəti yetirib.

Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o xəstəxanada dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Hadisəni törədən Cümşüd İslamov isə rayon polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ondan cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb.

Qeyd edək ki, mərhum Müşfiq Məmmədov Bakı şəhərindən Kürdəmirə oğlunun sabah Mingəçevir şəhərində baş tutacaq magistratura imtahanında iştirak etmək üçün gəlmişdi.