Bu rayonda eyni gündə 6 yanğın oldu

 23:41 12.06.2023     433

Cəlilabad rayonunda bu gün bir neçə yanğın hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisələrdən biri Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində, yolun kənarında qeydə alınıb. Bu yanğın nəticəsində 0.5 hektar ərazidə quru kol-kos yanıb.

Daha sonra rayonun Bəcrəvan kəndində minik avtomobili yanaraq, kül olub.

Həmçinin, Cəlilabad şəhərinin Qurtuluş küçəsində 2 ərazidə və rayonun Alar kəndi ərazisində məişət tullantıları yanıb.

Daha bir yanğın hadisəsi rayonun Təklə kəndində bələdiyyəyə aid ərazidə biçilməmiş taxıl sahəsində qeydə alınıb. Yanğın nəticəsində 3 hektar biçilməmiş taxıl sahəsi yanıb.

Bütün yanğın yerlərinə yanğınsöndürənlər və texnikalar cəlb olunaraq yanğınlar söndürülüb.

Faktlarla bağlı araşdırma aparılır.