FHN Siyəzəndəki partlayışla bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi Siyəzəndəki partlayışla bağlı məlumat yayıb.
Nazirlikdən Redaktor.az-a bildirilib ki, “112” qaynar telefon xəttinə Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 42kv.m olan birotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən mənzilin pəncərə çərçivələri yerindən çıxıb, divarlarda çatlar əmələ gəlib, mənzilə ciddi ziyan dəyib. Hadisə nəticəsində ikisi azyaşlı olmaqla üç nəfər vətəndaş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.