Ustanın ehtiyatsızlığı ölümünə səbəb oldu

 16:23 18.06.2023     593

Astara rayonun Pensər kəndində ustanın ehtiyatsızlığı faciəyə səbəb olub.

Redaktor.az xəbər verir ki, tikinti materiallarının satışı obyektində Ərçivan qəsəbə sakini, 1961-ci il təvəllüdlü Zeynalov Firudin Sübhan oğlu diskli kəsici alətlə (laqonda) işləyən zaman anidən partlayış baş verib.

Partlayışın dalğasından ustanın əlindəki aparat onun üzünü kəsib. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. F. Zeynalova baş-sifət nahiyəsinin dərin kəsilmiş-didilmiş yarası diaqnozu qoyulub.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, usta istifadəsiz metal çəlləyi kəsmək istəyib. Bu zaman partlayış baş verib.

Ehtimal olunur ki, çənin içərisində hansısa kimyəvi maddənin və ya məhlulun qalıqlar olub.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır (report).