İş adamından 100 min tələb etdilər, sonra maşınını yandırdılar - VİDEO
Sabunçu rayonunda yerləşən restoranlardan birinin sahibindən hədə-qorxu ilə pul tələb edən dəstə üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Abdullayev, Nurlan Mamedov və Ruslan Abdullayev tutulublar.
Müəyyən edilib ki, Ceyhun Abdullayevin tapşırığı ilə Nurlan Mamedov xarici ölkələrdən birində qeydiyyatdan keçən mobil telefon nömrəsi ilə zərərçəkənə zəng vurub özünü “Maqa” kimi təqdim edərək ondan 100 min manat tələb edib.
Zərərçəkən qeyd edilən qanunsuz tələbi yerinə yetirmədiyi üçün onlar dəstənin digər üzvü Ruslan Abdullayevlə sövdələşərək iş adamının “Lexsus” markalı avtomobilinin onun yaşadığı Bakıxanov qəsəbəsində evinin qarşısında üzərinə alışdırıcı maddə tökərək yandırılmasını təşkil ediblər.
Saxlanılan şəxslər barəsində 13-cu Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.