Körpəsi ilə birgə amansızlıqla qətlə yetirilən ana BDU-nun tələbəsi imiş - FOTOLAR
Xəbər verdiyimiz kimi, iyunun 20-si saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu arvadı 2003-cü il təvəllüdlü Hüseynli Leyla Əlişan qızı və 8 aylıq körpəsi Aylanı qətlə yetirib.
Abşeron rayon prokurorluğunun yaydığı məlumatda qeyd olunur ki, Fərid Hüseynli barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Redaktor.az qətlə yetirilən Leyla Hüseynli barədə bəzi məlumatları əldə edib.
Məlumata görə, əslən Masallı rayonundan olan Leyla Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin 3-cü kurs tələbəsi olub. Bu gün - iyunun 21-də o, universitetdə imtahan verməli imiş. Qrup yoldaşlarının bildirdiyinə görə, Leyla ikinci kursda oxuyarkən ailə həyatı qurub və 8 ay öncə qız anası olub. Tələbə yoldaşları onu çox sakit və namuslu qız kimi tanıyıb. Ötən gün o, hətta imtahana hazırlıqla bağlı qrup yoldaşlarına səs də atıb və şən olub. Axşam saatlarında isə əri Fərid Hüseynli hələlik bilinməyən səbəbdən Leylanın başını kəsib, həmçinin 8 aylıq körpəsini bıçaqlayıb. Məlumata görə, bundan sonra F.Hüseynli özünü də qarın nahiyəsindən bıçaqlayıb və dayısı oğluna zəng edərək onu xəstəxanaya aparmasını istəyib.
Bildirilir ki, Leyla Hüseynli evdə qayınana və qayınatası ilə birlikdə yaşayırmış. Amma hadisə baş verən zaman onlar evdə olmayıb. Anasına F.Hüseynlinin xəstəxanada olmasını bildirdikdən sonra o, Fəridin yanına gedib, lakin gəlinini orada görməyən qayınana qonşulardan onların evinə baxmasını istəyib. İçəri keçən qonşular otaqların birində Leylanın cansız bədəni ilə rastlaşıblar. Körpə isə aldığı xəsarətlərdən ölməsə də, xəstəxanaya aparılarkən yolda vəfat edib.
T.İSMAYIL