"Tik-tok"da dələduzluq edən saxlanıldı - FOTO
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onlayn yolla dələduzluq etməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Belə ki, rayon sakini bir qadın polisə müraciət edərək "Tik-tok" sosial şəbəkəsində qızıl alqı-satqısı adı altında qeydiyyatda olan səhifənin admininə 50 qram qızıl almaq məqsədi ilə 2800 manat pul göndərməsi və daha sonra həmin şəxsin onu aldadaraq pulunu dələduzluqla ələ keçirməsi barədə məlumat verib. Məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb, əhəmiyyət kəsb edən sübutlar aşkar edilib.
Keçirilən əməliyyat tədbiri ilə qeyd edilən dələduzluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kənan Bağırov müəyyən olunub. Həmçinin K.Bağırovun Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə axtarışda olduğu da aşkar edilib.
O, aidiyyəti üzrə axtarışda olduğu polis idarəsinə təhvil verilib.