Kəlbəcər və Goranboy sakinləri əlbir olub oğurluq etdilər
Göygöldə 34 800 manatlıq mal-qara oğurlanıb.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində rayon sakininə məxsus ümumi dəyəri 34 800 manat olan 109 baş xırda buynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakinləri Nazim Cəfərov, Sabit Cəbrayılov və Goranboy rayon sakini İlqar Həsənov qabaqcadan əlbir olaraq qrup şəklində mal-qaranı oğurlayıblar.
Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.