Şirvanda narkotikə görə 33 nəfər tutuldu

 14:36 03.07.2023     349

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin may-iyun ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, soyğunçuluq, qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq cinayətləri edən ümumilikdə 62 nəfər saxlanılıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Redaktor.az-a verilən məlumata görə, həmin şəxslərdən 33-ü narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Qanunsuz dövriyyədən 5 kiloqramdan artıq heroin və metamfetamin, 5 kiloqram 410 qram marixuana, eləcə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə bitkiləri çıxarılıb.

Həmçinin, qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən və zərərçəkənlərin pullarını ələ keçirən 14, evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar edən 9, vətəndaşlara qarşı soyğunçuluq edən 3, qəsdən sağlamlığa zərər vuran 1 və xuliqanlıq edən 2 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.

Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.