Bu il qanunsuz ağac kəsmə ilə bağlı 65 cinayət işi başlanıb

 11:20 07.07.2023     253

2023-cü ilin birinci yarım illiyində qanunsuz ağac kəsmə ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən 108 məlumata baxılıb, 65 cinayət işi başlanıb, 11-i üzrə araşdırma davam edir, digərləri üzrə isə müvafiq qərarlar qəbul edilib.

Redaktor.az xəbər verir ki, bunu Baş Prokurorluğun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirdiyi "Ekologiyanın mühafizəsi" ilə bağlı mətbuat konfransda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev deyib.

O bildirib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi fəaliyyəti dövründə 274 cinayət işi başlanaraq istintaq edilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib. Eyni zamanda yaşıllıqların mühafizəsi ilə bağlı idarədə 6 inzibati xəta haqqında icraat başlanıb.

O da qeyd olunub ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi 2020-ci ildə təsis olunub, fəaliyyəti dövründə idarə tərəfindən 691 inzibati xəta haqqında icraat başlanıb.

Məhkəmələrdə 18 mülki iddia qaldırılıb, qanun pozuntularından çəkindirmək məqsədilə 115 şəxsə xəbərdarlıq edilib, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair isə 167 təqdimat verilib.

İdarənin əsas fəaliyyətlərindən biri də ətraf mühitin mühafizəsidir.