Prokurorluq 4 nəfərin ölümünə səbəb olan şəxsin cəzasının azaldılmasına görə protest verdi
Prokurorluq Elşad Kəlbəliyevin cəzasının azaldılmasına görə protest verib
Baş Prokurorluğun Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Kəlbəliyev Elşad Məhərrəm oğlunun təqsirləndirildiyi əməlin Cinayət Məcəlləsinin daha yüngül maddəsinə tövsif edilməsi və cəzasının azaldılmasına dair Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarından Baş Prokurorluq tərəfindən Ali Məhkəməyə kassasiya protesti verilib.
Qeyd edək ki, 2021-ci ilin iyun ayında Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” markalı maşınla Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Ülman Şıxəliyev və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər. Hadisə vaxtı E.Kəlbəliyev sərxoş vəziyyətdə olub. Sonradan ölən şəxslərin hüquqi varisləri E.Kəlbəliyevlə barışıblar.
E.Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə təqsili bilinərək 9 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həbs müddətini 8 ilə endirib.
Bu ilin fevralında müdafiə tərəfi və zərərçəkmiş şəxslərin hüquqi varislərinin şikayəti ilə Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını tamamilə ləğv edərək, işi geri qaytarıb.
Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.