Diplomat və jurnalist Ənvər Məmmədov haqq dünyasına qovuşub

 21:30 07.09.2023     307

Bu gün görkəmli diplomat və jurnalist Ənvər Məmmədov haqq dünyasına qovuşub. 

Redaktor.az xəbər verir ki, Ə.Məmmədov avqustun 15-i 100 yaşını qeyd edib. O, 1923-cü ildə Bakı şəhərində anadan olub.

1959–1960-cı illərdə “Sovinformbüro”nun baş redaktoru və sədrin birinci müavini olan Məmmədov ölümünə qədər “RİA Novosti” agentliyində redaktor məsləhətçisi olaraq fəaliyyət göstərib.

Qeyd edək ki, o, məktəbi bitirdikdən sonra 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunsa da, tezliklə zədə ilə əlaqədar məktəbdən xaric olunub. Bundan sonra isə azərbaycanlı diplomat Bakıya qayıdıb və Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilib. O, Böyük Vətən müharibəsində də iştirak edib.

1943-cü ildə ordudan xaric edilərək, SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləməyə göndərilib, 1944–1945-ci illərdə isə İtaliyadakı sovet səfirliyinin mətbuat katibi işləyib. Bununla yanaşı, Məmmədov Nürnberq prosesi zamanı beynəlxalq tribunalın SSRİ-dən olan nümayəndələri arasında olub. 

Eyni zamanda, o, 1950-ci ilin fevralınadək SSRİ xarici işlər nazirliyi sistemində müxtəlif vəzifələrdə işləyib. 1953-cü ildə Birinci Moskva Dövlət Xarici Dillər İnstitutunu bitirib.

1956-cı ilədək ABŞ, İngiltərə və Latın Amerikasında yayım üzrə Baş redaksiyanın baş redakoru vəzifəsində işləyən Məmmədov həmin il XİN-ə qayıdıb, 1959-cu ilədək SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir-nümayəndə və “USSR” jurnalının baş redaktoru vəzifəsində işləyib.

Ə.Məmmədov ingilis, alman, italyan və fransız dillərini bilib.

Allah rəhmət eləsin!