Milli Məclisin əməkdaşı olduğunu deyən şəxs həbs edildi

 15:51 04.10.2023     255

Bakıda bir neçə nəfərə qarşı dələduzluq etmiş və özünü Milli Məclisin əməkdaşı kimi təqdim edən şəxs həbs edilib.

Redaktor.az Publika.az-a istinadən xəbər verir ki, Ağdam rayon sakini olan 1957-ci il təvəllüdlü Ağdam sakini Faiq Seyidov Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə məsuliyyətə cəlb edilib. Onun barəsində Səbail rayon Polis darəsində araşdırılan cinayət işi üzrə 5 fakt müəyyənləşib.

Belə ki, Faiq Seyidov tanışına yalandan Milli Məclisin əməkdaşı olduğunu deyərək ona Yasamalda tikilən sosial binalarda ev almasını təşkil edəcəyini deyərək dələduzluq yolu ilə 11 300 manat alıb. F.Səlimov inandırıcı olmaq məqsədilə pulları elə Milli Məclisin qarşısında alıb. Bu adla o, daha 2 nəfərdən də xeyli miqdarda pul alıb. Bundan başqa F.Səlimov daha bir şəxsin kəsilmiş pensiyasını bərpa etdirəcəyi, digər şəxsə isə xaricdə aldığı diplomu Təhsil Nazirliyində təsdiqlədəcəyi vədini verərək onlardan da xeyli pul alıb.

Sonradan müəyyən edilib ki, F.Səlimov əvvəllər Ağdamda müəllim kimi çalışıb. Ağdam şəhəri 1993-cü ildə işğal ediləndən sonra o, Bakıya köçüb və rəsmi olaraq paytaxtda heç bir yerdə işləməyib. Səbail rayon Polis İdarəsində aparılan cinayət işi rayon məhkəməsinə göndərilib. Məhkəmə prosesi ötən həftə başa çatıb. Milli Məclisin əməkdaşı olduğunu bildirən şəxs 2 il müddətinə həbs cəzasına məhkum edilib.