Korrupsiya təhdidləri və ölkəmizdə ona qarşı mübarizə

 09:34 06.10.2023     390

Bu gün Azərbaycan beynəlxalq hüququn subyekti kimi dünya birliyində öz layiqli yerini tutmuş və söz sahibinə çevrilmişdir. Bununla yanaşı, ölkəmiz həm də qloballaşan dünyanın bir hissəsidir. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki uğurları, qələbəsi ilə, sözün həqiqi mənasında tarix yaratmışdır. İşğal altında olan ərazilərin azad edilməsi ilə ölkəmiz üçün yeni inkişaf mərhələsi açılmışdır.

Təbii ki, dünya birliyində və iqtisadiyyatında baş verən irimiqyaslı proseslərin istər iqtisadi, istər siyasi, istərsə də mədəni sahədə Azərbaycana təsiri olmaması mümkün deyil, demək olar ki, bu kimi problemlər Azərbaycandan da yan keçmir. İqtisadiyyatda qloballaşma prosesləri sürətləndikcə, bu sahədəki mənfi təzahürlər digər ölkələrə də sirayət edir. Bu problemlərdən biri də korrupsiya və rüşvətxorluqdur.

İqtisadi və siyasi islahatların aparıldığı bir dövrdə dövlət və yerli özünüidarəetmə orqanlarında korrupsiyanın geniş vüsət alması, onun ictimai-siyasi həyatın bütün sahələrinə sirayət etməsi cəmiyyətin “xərçəng” xəstəliyi hesab edilən bu hala qarşı mübarizənin gücləndirilməsi sahəsində siyasi və hüquqi tədbirlər proqramının işlənib hazırlanmasını zərurətə çevirmişdir.

Bazar iqtisadiyyatına keçid korrupsiyanın təzahür formalarından biri kimi vəzifəli şəxsin özünün, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə hallarının artması ilə müşahidə olunur. İqtisadi həyatda xüsusi mülkiyyətə yer ayrılması, varlılar təbəqəsinin üzə çıxması və onların dövlət məmurlarına qarşı münasibətdə müqayisə olunmayan dərəcədə yüksək maddi təminatı, kadrların seçilməsində, yerləşdirilməsində və təyin olunmasında dövlət nəzarətinin lazımi səviyyədə olmaması, hüquq mədəniyyətinin və hüquqi şüurun yüksəldilməsi sahəsində təbliğat işlərinin aparılmaması korrupsiyanı doğuran amillərdəndir.

Korrupsiya sosial hadisədir. O, şəxsi mənafeyi əsas tutaraq varlanmaq məqsədilə vəzifəli şəxslər tərəfindən qulluq mövqeyindən sui-istifadə etməklə xarakterizə olunan və bir çox hallarda isə az qala onların həyat tərzinə çevrilən, nəticə etibarilə idarəetmə sistemini iflic vəziyyətə salan, ictimai həyatın ən eybəcər formasıdır.

İqtisadi sahədə korrupsiya ədalətli rəqabətin pozulmasına, kölgə iqtisadiyyatının inkişaf etməsinə, gəlirlərin vergidən yayınmasına, investisiya qoyuluşunun, qiymətli kağızlar, sığorta və maliyyə bazarının inkişafının ləngiməsinə səbəb olur.

Yeni iqtisadi münasibətlərə - bazar iqtisadiyyatına keçid mərhələsində korrupsiya öz miqyası ilə diqqəti cəlb edir. O iqtisadiyyata əhəmiyyətli dərəcədə ziyan vurur, hökumət səviyyəsində qəbul edilmiş qərarların səmərəsini və vətəndaşların dövlət hakimiyyətinə olan etimadını zəiflədir, məhkəmə sistemində qanunsuz qərarların qəbul edilməsinə, ictimai həyatın və dövlət həyatının bütün sahələrində (təhsil, mədəniyyət, ordu, elm, incəsənət, siyasət və s.) özbaşınalığın baş qaldırmasına səbəb olur. Bütün bunlar öz növbəsində dövlətin daxili və xarici siyasətinə mənfi təsirini göstərməyə bilməz.

Azərbaycanın 2003-cü il dekabrın 30-da imzaladığı “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” 1999-cu il yanvarın 27-də Strastburq şəhərində qəbul olunmuş Konvensiyada qeyd edilir ki, korrupsiya qanunun aliliyinə, demokratiya və insan hüquqlarına təhlükə yaradır, səmərəli dövlət idarəçiliyini sarsıdır, bərabərlik və sosial ədalət prinsiplərini pozur, rəqabət üçün şəraiti təhrif edir, iqtisadi inkişafı çətinləşdirir, demokratik təsisatların sabitliyinə və cəmiyyətin mənəvi dəyərlərinə təhlükə yaradır.

Zəmanəsinin məşhur siyasi xadimi Nikkolo Makiavelli korrupsiyanı əvvəlcədən müəyyənləşdirilməsi çətin, lakin müalicəsi asan olan, bir müddət sonra isə müəyyənləşdirilməsi asan, lakin müalicəsi mümkün olmayan xəstəliyə bənzətmişdir.

Korrupsiya elə bir xəstəlikdir ki, həm varlı, həm də kasıb ölkələrə məxsusdur və dövlətdə bir siyasi, yaxud iqtisadi formasiyadan digərinə keçid zamanı daha geniş və sərt şəkildə özünü büruzə verir.

Müasir beynəlxalq normativ sənədlər korrupsiyanın müxtəlif təriflərini vermişdir. BMT-nin korrupsiya ilə bağlı sənədlərində o, şəxsi maraqlar üçün dövlət hakimiyyətindən sui-istifadə kimi başa düşülür, yəni korrupsiya rüşvətxorluqdan kənara çıxır. Bu anlayış rüşvətxorluğu da, şəxsi əlaqələr zəminində himayəni də və şəxsi istifadə üçün ictimai vəsaitlərin qeyri-qanuni mənimsənilməsini də özündə ehtiva edir.

Avropa Şurasının korrupsiya ilə bağlı sahələrarası qrupu korrupsiyanın daha geniş anlayışını vermişdir. Korrupsiya özü-özlüyündə dövlət və ya xüsusi sektorda müəyyən öhdəliklərin yerinə yetirilməsi həvalə olunmuş vəzifəli şəxslərin rüşvətxorluğu və ya başqa qaydada vəzifəli şəxslərin ələ alınmasını nəzərdə tutur. Bu halda korrupsiya hüquqpozmalarının subyektləri yalnız vəzifəli şəxs olmaya da bilər.

Korrupsiyaya verilən müxtəlif təriflər onun mahiyyətini dəyişmir. Bir sıra Konvensiyaların, xarici dövlətlərin qanunvericiliyinin təhlili onu deməyə əsas verir ki, Azərbaycan Respublikasının qanunvericiliyi korrupsiyanın anlayışını daha tam və dolğun ifadə etmişdir.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.

Azərbaycan cəmiyyətində korrupsiya deyiləndə ilk növbədə bu ifadə rüşvət almaq, rüşvət vermək anlamına gəlir. Əslində bu belə deyildir. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9-cu maddəsində korrupsiyanın nədən ibarət olmasının açıqlanması verilmişdir. Belə ki, korrupsiya dedikdə vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsi müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etmə, əldə etmə və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı vədi və ya təklifi qəbul etmə və sair hərəkətlər başa düşülür.

Yuxarıda qeyd edilənlər Azərbaycanın heç də korrupsiya meylli dövlət olmaması qənaətinə gəlməyə əsas verir. Göründüyü kimi, bu virus bizə kənardan idxal edilmişdir. Virus isə elə bir bəladır ki, onun fəsadları istər-istəməz özünü biruzə verir.

Dünya ölkələrində də korrupsiyaya qarşı mübarizə davamlı olaraq aparılmaqdadır. İngiltərədə korrupsiyanı nəzarət altına almaq üçün 100 ildən artıq vaxt lazım olmuşdur. Amma bunun əksinə olaraq Sinqapur və Honkonq kifayət qədər tez bir zamanda korrupsiyadan təmiz səviyyəyə keçmişdilər. Botsvana isə bunu 10 il ərzində etmişdir. Çili bir neçə ilə korrupsiyanın öhdəsindən gəlmişdir. Polşa və Uqanda qısa bir müddətdə korrupsiyaya nəzarət yolunda uğurlu irəliləyişə nail olmuşdular.

Honkonqda korrupsiyaya qalib gəlmək istiqamətində hakimiyyətə 30 il vaxt lazım olmuşdur. 1970-ci illərin əvvəllərində Honkonq cinayətkarlığın mərkəzi sayılırdı. 1973-cü ildə korrupsiyaya qarşı mübarizə komissiyası yaradılmışdır. Həmin komissiya birbaşa Honkonqun general-qubernatoruna tabe oldu. Bu komissiyaya ən nüfuzlu universitetlərin məzunlarını və şübhəli əlaqələri olmayan mütəxəssisləri cəlb edildilər. Komissiya üzvləri beş il müddətinə təyin olunurdu.

Uzun illər ərzində korrupsiya Honkonqda çoxşaxələnmiş sistemə çevrilmişdi. Bunu anlayaraq korrupsiyaya qarşı mübarizə komissiyası “iri balıqları” hədəf seçmişdi. Korrupsiyaya uğramış ən nüfuzlu vəzifəli şəxsləri dəmir barmaqlıqlar arxasına saldıqdan sonra, bu komissiya korrupsiyanı başsız qoydu. Güc aksiyaları ilə paralel olaraq hökumət problemə bütün cəmiyyəti qoşaraq təbliğat işi apardı. Komissiyaya kifayət qədər geniş səlahiyyətlər verilmişdi. Faktiki olaraq komissiyanın əməkdaşları hərbi məhkəmələrin qanunları əsasında fəaliyyət göstərirdilər: kifayət qədər əsas olardısa, məmuru həbs edə, ittiham irəli sürmədən onu həbsdə saxlaya bilərdi, bank hesablarını dondura bilərdi. Təqsirləndirilən şəxs pulun qanuni yolla əldə edildiyini sübut edərdisə, o, təqibə məruz qalmırdı.

Komissiyanın üzvləri özləri rüşvətxorlara çevrilməsinlər deyə, hökumət qabaqlayıcı tədbirlər gördü. Başqa məmurlardan fərqli olaraq onların əmək haqları artırıldı. Komissiyaya nəzarət sahibkarlardan ibarət “ictimai komitələr” və ictimaiyyətin nümayəndələri tərəfindən həyata keçirildi. Əgər 1974-cü ildə Honkonqun dövlət aparatının 90 faizi korrupsiya virusuna yoluxmuşdursa, bu rəqəm 2000-ci ildə 6, hazırda isə 3 faizə enmişdir.

Vəzifəli şəxsə qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, vəzifəli şəxs onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli, maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsin işlədiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir.

Vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar alınan hədiyyələr Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il 11 may tarixli R(2000) 10 nömrəli “Dövlət qulluqçuları üçün davranış haqqında kodeks”in tövsiyyələrinə uyğun olaraq kiçik hədiyyələr və adi qonaqlıq hədiyyə hesab edilmir. Məsələn, Amerika Birləşmiş Ştatlarının qanunvericiliyinə görə vəzifəli şəxsi ələ almağın qarşısını almaqdan ötrü 33 ştatda hədiyyə almaq, 29 ştatda isə dövlət qulluqçularına hətta məqalə və çıxışlara görə qonorar almaq qadağandır. Litva Respublikasının 1997-ci il 2 iyul tarixli Qanununa müvafiq olaraq hədiyyələr beynəlxalq protokol qaydalarına və ənənələrə uyğun alınmışsa, bu qadağalar tətbiq olunmur. Latviya Respublikasının “Korrupsiyanın qarşısının alınması haqqında” 1998-ci il 23 oktyabr tarixli Qanununun 13-cü maddəsinə müvafiq olaraq vəzifəli şəxs yalnız diplomatik rəsmi səfərlər, Latviyanın milli bayramları zamanı və əlamətdar günlərdə və Hökumətin müəyyən etdiyi bir sıra hallarda hədiyyə ala bilər.

ABŞ-ın qanunvericiliyinə müvafiq olaraq ölkənin birinci şəxsləri və digər yüksək vəzifəli şəxslər əcnəbilərdən hədiyyə alarlarsa və həmin hədiyyənin dəyəri 300 ABŞ dollarından çox olarsa, o, Milli arxivə təhvil verilməlidir. Yeri gəlmişkən, ABŞ-ın dövlət başçılarına verilən hədiyyələri onların prezident kitabxanalarında və xüsusi sərgilərdə görmək olar.

“Amerika Birləşmiş Ştatlarının dövlət qulluqçularının etik davranışının standartları”nda hədiyyə qismində nəyin götürülə biləcəyi, nəyin götürülə bilinməyəcəyi, hədiyyənin hansı məbləğdə, hansı miqdarda götürülə biləcəyi dəqiqliyi ilə göstərilmişdir.

Amerika senatorları üçün xarici vətəndaşlardan və təşkilatlardan daxil olan hədiyyənin dəyəri 75 ABŞ dollarından, konqresmenlər üçün isə 100 dollardan çox ola bilməz. Hədiyyə xoşuna gələrsə, dövlət qulluqçusu həmin hədiyyənin dəyərini ödəməklə onu əldə edə bilər. İl ərzində senatorlara verilən hədiyyənin dəyəri 300 ABŞ dollarından çox ola bilməz.

Amerikanın dövlət qulluqçusuna verilən istənilən suvenirin dəyəri 50 dollardan çox olarsa, bu rüşvət hesab olunur.

Amerikanın Dövlət Departamenti hər il ölkənin birinci şəxslərinə verilən hədiyyələrin siyahısını Milli arxivin “Federal Register” adlı xüsusi məcmuəsində dərc edir. Prezident hədiyyələrinin siyahısından məlum olur ki, Ağ evin sahiblərinə verilən hədiyyələr onların tabeçiliyində olanlardan azdır.

Korrupsiya ilə mübarizə çərçivəsində son illər Cənubi Koreyada vəzifəli şəxslər kənar şəxslərdən heç bir hədiyyə və buna oxşar şeylər ala bilməzlər. Qanuna görə dövlət qulluqçusu dəyəri 30.000 vondan (27 dollar) çox olan hədiyyəni qəbul edə bilməz, başqasının hesabına nahar etmək isə qadağan edilir.

Bu məbləğ Koreya üçün çox cüzidir. Hədiyyə göstərilən məbləğdən yuxarıdırsa, yaxşısı budur ki, belə hədiyyəni qəbul etməyəsən, qəbul etmisənsə, onu dövlətə təhvil verməlisən. Əks halda bu rüşvət kimi qiymətləndiriləcəkdir.

Əlbəttə dövlət qulluqçuları ilə bağlı Koreyada baş verən korrupsiya qalmaqalları korrupsiyaya qarşı mübarizə haqqında qanunu pozanların sayının o qədər də az olmadığını deməyə əsas verir.

Buna baxmayaraq, dövlətin ehtiyat fondu dövlət qulluqçularına verilən qiymətli avtoqələmlərlə, rəsm əsərlərilə, spirtli içkilər və digər əşyalarla zənginləşir. Söhbət Koreyanın ali rəhbərliyinə verilən hədiyyələrdən gedirsə, bütün hədiyyələr anbarlara yığılır, sonradan nadir və maraqlı əşyalar xüsusi sərgilər keçirilən zaman ictimaiyyətə sərgilənir.

Misal üçün, Koreya Xalq Demokratik Respublikasında Mexyansan dağlarının füsunkar guşələrinin birində qayalıqlarda KXDR-nın rəhbərləri Kim İr Sen və Kim Çin Er tərəfindən alınan hədiyyələrin əvəzsiz muzeyi yaradılmışdır. Burada nələr yoxdur, 178 ölkədən 219.000 hədiyyə: vazalar, qılınclar, gümüş qablar, rəsm əsərləri, nadir mineraldan və qara ağacdan hazırlanmış xırda şeylər və s. və i.a. Hesablamalara görə hər hədiyyəyə bir dəqiqə ərzində baxmağa vaxt sərf edərsənsə, gözünü qırpmadan muzeydə 1,6 il vaxt keçirmək lazım gələr.

Korrupsiya və rüşvətxorluq inkişaf etmiş Avropa ölkələrinin də ümumi bəlasıdır. Bu baxımdan, korrupsiyaya qarşı mübarizə ilə bağlı Fransanın təcrübəsi çox maraqlıdır.

Dövlət qulluğuna daxil olan fransız bir sıra qaydalara əməl etməlidir. Onlardan birinə görə, öz vəzifələrini icra edərkən məsələn, ad günün və ya Yeni il münasibəti ilə hansısa qiymətli hədiyyəni qəbul edə bilməzsən. Bundan əlavə, “qiymətli hədiyyə”nin dəyərinin 35 avrodan yuxarı ola bilməməsi birmənalı göstərilmişdir. Hədiyyənin məbləği bundan çox olarsa, hədiyyədən imtina edilməli və ya rəhbərliyi məlumatlandırmalısan.

Fransanın qanunvericiliyi dövlət qulluqçuları barədə çox sərtdir. Qanunda qeyd edilir ki, dövlət qulluqçusu hər hansı birbaşa və ya dolayı yolla hədiyyə, özü və ya başqası üçün imtiyazlar və ya güzəştlər əldə edərsə, o, 10 il müddətinə azadlıqdan məhrum edilə və 150.000 avro miqdarında cərimə edilə bilər.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə dövlət qulluqçusu xidməti vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri əlli beş manatdan yuxarı olan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında korrupsiya hüquqpozmaları ilə əlaqədar cinayət təqibinin Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsi tərəfindən həyata keçirilməsi qərara alınmışdır. Bu idarə korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq sahəsində ixtisaslaşmış qurumdur və Baş Prokurora tabedir. Korrupsiya ilə effektiv mübarizə aparılmasına görə bu idarənin qarşısında çox mühüm vəzifələr qoyulmuşdur və ona geniş səlahiyyətlər verilmişdir.

Dövlət Proqramına görə korrupsiyaya qarşı mübarizə aparan orqanlara ictimai etimadın olması əsas amillərdəndir. Buna görə də həmin orqanların işi mümkün qədər şəffaf qurulmalı və bu orqanlar həyata keçirdikləri tədbirlər haqqında ictimaiyyəti məlumatlandırmalı, öz fəaliyyəti barədə dövri məruzələr tərtib etməlidirlər.

Korrupsiyanın çiçəklənməsinə şərait yaradan amillərdən biri də qohumluq əlaqələridir. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. Belə bir müddəa “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 7-ci maddəsində öz əksini tapmışdır.

Hal-hazırda korrupsiya ilə mübarizə beynəlxalq xarakter almışdır. Dövlətlərarası iqtisadi əlaqələrin inkişafı, regional və dünya iqtisadi bazarında müstəqil təsərrüfat subyekti kimi dövlətlərin iştirak etmək hüququ korrupsiyaya qarşı mübarizənin beynəlxalq təşkilatlar səviyyəsində aparılması zərurətini yaradır.

Azərbaycan Respublikası Prezidenti 2022-ci ilin 4 aprel tarixində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında tarixi Sərəncam imzalamışdır. Həmin Sərəncamla Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı təsdiq edilmişdir. Fəaliyyət Planının əsas və vacib müddəalarından biri odur ki, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya qanunun aliliyinə və sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına mane olur.

Korrupsiyaya qarşı mübarizənin davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də həm beynəlxalq, həm də milli səviyyədə korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslərin irəli sürülməsi zəruridir və bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönəldilməlidir.

Mənbələr:

  1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunu. 2004-cü il. https://e-qanun.az/framework/5809
  2. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə siyasəti. Modern.az. 7 Aprel 2022-ci il. https://modern.az/az/news/341964 
  3. Korrupsiyaya qarşı mübarizə günün tələbidir. Atributinfo.az. 11 aprel 2022-ci il. https://atributinfo.az/sosial/24310-korrupsyaya-qari-mbarz-gnn-tlbdr.html 
  4. “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiya. Strasburq, 27 yanvar 1999-cu il. https://penitensiar.justice.gov.az/etika/281-korrupsya-l-laqdar-cnayt-msulyyt-haqqinda.html 
  5. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin İllik Hesabatı. 2022-ci il. https://genprosecutor.gov.az/hesabat_2022.pdf 

 

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Uğur” Gənclərin Maarifləndirilməsi İB-nin icra etdiyi “Korrupsiyaya qarşı mübarizə: Azərbaycan reallıqları və beynəlxalq təcrübənin öyrənilməsi, tədbirlərin təşkili məqalələrin hazırlanması və mediada yayılması” layihəsi çərçivəsində hazırlanmışdır.

Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.