Hacıqabuldakı dəhşətli yanğının TƏFƏRRÜATLARI

 11:06 12.10.2023     663

Xəbər verdiyimiz kimi, ötən gecə Hacıqabulun Navahı qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.

Redaktor.az xəbər verir ki, ilkin araşdırmalar zamanı hadisənin taxta konstruksiyalı yataqxanada tək yaşayan 80 yaşlı Mütəllim Mahmudovun evindən başlaması məlum olub.

Belə ki, tənha yaşayan M.Mahmudovun evindən başlayan yanğın qısa vaxtda bitişik digər evə keçib. 10 dəqiqə ərzində bütün mənzilləri bürüyən yanğın zamanı qonşu evdə yaşayan Elçin Sadıqov özünü son anda çölə ataraq xilas ola bilib.

Lakin onun 11 yaşlı oğlu Elgün, 13 yaşlı qızı Zəhra, həyat yoldaşı, 42 yaşlı Aybəniz Abışova və həmin gün onlara qonaq gəlmiş qayınanası 73 yaşlı Sara Abışova yanaraq ölüb. Həmçinin yanğının başladığı evin sahibi olan 80 yaşlı kişi də hadisədə həyatını itirib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

***

09:25

Hacıqabulun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında baş verən güclü yanğın nəticəsində 5 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla 5 nəfər - 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və 13 yaşlı bacısı Zəhra Sadıqova yanaraq ölüblər.

Hadisə zamanı, daha 2 nəfər isə yanıq xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə FHN-in Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın söndürülüb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırmalara başlanılıb (report).

03:57

Hacıqabul rayonunun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Redaktor.az-a FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

03:16

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hacıqabul rayonunun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə Redaktor.az-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.