Hacıqabulda yanaraq ölən ana və övladlarının FOTOSU

 16:23 12.10.2023     390

Ötən gecə Hacıqabulun Navahı qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən yanğında həyatını itirən yeniyetmələr qəsəbədəki R.Qənbərov adına 2 saylı tam orta məktəbin şagirdləri imiş.

Redaktor.az xəbər verir ki, taxta konstruksiyalı barak tipli yataqxanadakı yanğında anaları və nənələri ilə birgə yanaraq ölən 11 yaşlı Elgün Sadıqov altıncı, 13 yaşlı bacısı Zəhra isə yeddinci sinif şagirdi imiş.

Məktəblilərin və yanğında vəfat edən anaları Aybəniz Abışovanın fotosunu təqdim edirik.

Qeyd edək ki, hadisə ikimərtəbəli yataqxananın 1-ci mərtəbəsində tək yaşayan 80 yaşlı Mütəllim Mahmudovun evində başlayıb. Yanğın daha sonra ikinci mərtəbədə Elçin Sadıqovun yaşadığı evə keçib. E. Sadıqov özünü son anda çölə ataraq xilas ola bilib. Lakin onun həyat yoldaşı, oğlu, qızı və həmin gün onlara qonaq gəlmiş qayınanası yanaraq ölüb. Həmçinin yanğının başladığı evin sahibi olan 80 yaşlı kişi də hadisədə həyatını itirib.

Qeyd edək ki, Hacıqabuldakı yanğınla bağlı cinayət işi açılıb.

Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.