“3600 manatlıq silah aldıq, dedi ki, “Bravo”ya basqın edək”

 17:45 18.10.2023     416

“Bravo” hipermarketinə edilmiş silahlı basqınla bağlı ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Redaktor.az Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərdən biri - Dəyanət Qüdrətov sərbəst ifadə verib.

O, Ruhlan İsmayılovla birgə hipermarketə hücum edib. Hər ikisi də silahlı olub. R.İsmayılov əməliyyat tədbirləri zamanı məhv edilib.

D.Qüdrətov deyib ki, hipermarketə hücumda istifadə edilən silahlar onun adına alınıb:

“Ruhlan əvvəllər psixoloji dispanserdə müalicə aldığı üçün, öz adına silah ala bilmirdi. Ona görə silahları mənim adıma aldıq. 3600 manatlıq silah aldıq. Bir müddət sonra isə mənə təklif etdi ki, “Bravo”ya basqın edək”.

Təqsirləndirilən şəxsin dediyinə görə, hipermarketə hücum üçün razılıq verməyib. Buna görə Ruhlan ona hədə-qorxu gəlib:

“Məni ölümlə hədələdi. Dedi ki, ya hücum planında iştirak etməlisən, ya səni öldürəcəm. Hücum vaxtı mən 1 güllə atmışam. O da zərərçəkmişə dəyməyib”.

Vəkil Pərviz Məmmədov təqsirləndirilən şəxsə hücum planı barədə sual verib.

 D.Qüdrətov deyib ki, “Bravo”ya hücum planı əvvəldən hazırlanıb, hipermarket 2 ay izlənilib:

“Planı Ruhlan qurmuşdu. İştirakçı da mən idim. Yanvar ayından hadisə gününə kimi hipermarketi izləməyə başladıq. Ruhlanla məndən başqa bu işdə heç kimin əlaqəsi yoxdur.”. Vəkil Pərviz Məmmədovu maraqlandıran digər məsələ isə Ruhlanla Dəyanətin bankomatdan götürəcəkləri pulu necə bölmək istəmələri olub.

“Razılaşma belə idi ki, nə götürsək yarısı mənə, yarısı Ruhlana çatacaqdı”, -  deyə təqsirlındirilən şəxs cavab verib. Proses noyabrın 15-i davam etdiriləcək. Qeyd edək ki, silahlı insident bu ilin martında qeydə alınıb. Hadisədə 1 nəfər öldürülüb, 2 nəfər xəsarət alıb.

Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovbir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. Ruhlan İsmayılov avtomat silahdan polis əməkdaşlarına müqavimət göstərib. Görülmüş tədbirlərlə o, polis tərəfindən məhv edilib. Təqsirləndirilən şəxslərdən Babək İsgəndərov və Rövşən İsmayılov həbsdə deyil. Onlar barəsində alternativ qətimkan tədbiri seçilib. (Qafqazinfo)