Tərtərdə minaya düşən şəxsin bir qolu amputasiya edildi - YENİLƏNİB

 09:12 26.10.2023     391

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 26 oktyabr tarixində Tərtər rayonunun işğaldan azad olmuş hissəsində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

Məlumata əsasən tank əleyhinə mina partlayışı nəticəsində traktorla əkin işləri aparan traktorçu 1970-ci il təvəllüdlü Cəlilabad rayon sakini Nurəliyev Elçin Xanbala oğlu xəsarət alıb. Xəsarət alan şəxsin sağ qolu amputasiya edilib.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!

***

09:01

Oktyabrın 26-sı saat 07 radələrində Tərtər rayonunun Talış kəndi ərazisində 1970-ci il təvəllüdlü Elçin Vəliyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Redaktor.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.