Məşhur Xalq artistinin qardaşının maşını aşdı - Mənsum İbrahimov qəzadan danışdı

 11:12 26.10.2023     316

Dünən saat 08:50 radələrində Kürdəmirdə ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində 1970-ci il təvəllüdlü Zülfüqar İbrahimovun idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü ilə yanaşı həyat yoldaşı İbrahimova Səbinə Vaqif qızı və oğlu 13 yaşlı İbrahimli Ayxan müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdirilib. Hadisə zamanı avtomobildə olan sərnişinlərdən 1947-ci il təvəllüdlü Ağdam rayon sakini Rəhimova Məlahət Əli qızı isə vəfat edib.

Qəzaya düşənlər bir ailənin üzvləridir. Sürücü Zülfüqar İbrahimov Vətən müharibəsi şəhidi İsrafil İbrahimovun atasıdır. Qəzada şəhidin nənəsi vəfat edib. Atası, anası və qardaşı isə xəsarət alıb.

Sürücü Zülfüqar İbrahimov Xalq artisti Mənsum İbrahimovun qardaşıdır.

Xalq artisti Mənsum İbrahimov qardaşı Zülfüqar İbrahimovun Kürdəmirdə keçirdiyi ağır yol qəzasından danışıb.

Mənsum İbrahimov Teleqraf-a açıqlamasında qəza nəticəsində qardaşının qayınanasının vəfat etdiyini açıqlayıb:

"Qardaşım ailə üzvləri ilə oğlu İsrafil İbrahimovun ildönümünə gedirdi. Bu gün İsrafil İbrahimovun vəfatının ildönümüdür. Kürdəmirdə qardaşımın idarə etdiyi "Kia Sorento" markalı avtomobilin qarşısına başqa avtomobil çıxıb. Maşını kənara çəkmək istəyəndə idarəetməni itirib və qəza baş verib. Maşın aşıb və qardaşımın qayınanası rəhmətə gedib. Qardaşım və ailə üzvləri də müxtəlif bədən xəsarətləri alıblar. Onlar evdə həkim nəzarətindədirlər".