Xocalı məktəbində mənimsəmə faktı aşkarlandı, cinayət işi başlandı

 19:00 27.10.2023     314

Xocalı rayonu Ə.Cavadov adına Cəmilli kənd tam orta məktəbin direktoru Məlahət İsmayılovanın qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Redaktor.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2019-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.