"Xaçatryan bütün cinayət əməllərinin əsas təşkilatçısı və iştirakçısı olub" - Şahid

 11:14 01.11.2023     285

Meşəli kəndində yatdığımız yerdə ermənilər hücum etdilər, ayağımdan güllə yarası aldım. Ondan sonra ermənilərin kəndi yandırmasının, günahsız insanların qətlə yetirilməsinin şahidi oldum.

Redaktor.az
xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclasında zərərçəkmiş Salman Rəhimov deyib.

O qeyd edib ki, kənd camaatı deyirdi ki, V.Xaçaturyan bu cinayət əməllərinin təşkilatçısı və iştirakçısı olub.

“V.Xaçaturyan bütün cinayət əməllərinin əsas təşkilatçısı və iştirakçısı olub. Mən xahiş edirəm, bu adama ömürlük həbs cəzası verilsin”, - deyə o qeyd edib.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.(Trend)