"Vaqif Xaçatryan Balasanyanın ən yaxın adamlarından olub" - Zərərçəkmiş

 12:00 01.11.2023     266

"Vaqifin rəhbərliyi ilə Badara kəndindən olan ermənilər və digər 1500 nəfərdən ibarət erməni silahlıları Meşəliyə hücuma keçdilər. Hadisə zamanı atamı və anamı öldürdülər”.

Redaktor.az xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmədə Meşəli sakini, zərərçəkən Nadir Əkbərov deyib.

O, kəndə səhərə yaxın hücum edildiyini bildirib: “Vaqif, sən Meşəlinin, Xocalının birbaşa, ən böyük qatilisən. O vaxt bunu "Vagi" kimi çağırırdılar. Hadisələr vaxtı səsgücləndirici ilə Azərbaycanca bizi kənddən çıxmağa çağırır, çıxmaq istəyəni də qapısında güllələyirdilər. Vaqif indi boynuna almır, amma təkcə Məşəli yox, Malıbəyli, Quşçular və azərbaycanlılar yaşayan digər kəndlərə birbaşa hücum edənlərdən olub".

Zərərçəkən bildirib ki, Vaqif Xaçatryan Əsgəranda Vitali Balasanyanla birlikdə Xocalı əsirlərini dəyişməklə məşğul olub: "Vaqif Vitalinin ən yaxın adamlarından idi. Bunlar uşaq, gəlin, qız demədən hamını güllələyiblər. Onu ömürlük azadlıqdan məhrum etməyinizi xahiş edirəm".(APA)