Azadlığa çıxandan 15 ay sonra yenidən həbs edildi

 17:42 08.11.2023     255

Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin sabiq sədri yenidən həbs edilib.

Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə Gəncə Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Eks-sədr Rasim Allahverdiyev ötən ilin martında külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan Gəncə Apellyasiya Məhkəməsi hökmü həddən artıq ağır hesab edərək təqsirləndirilən şəxsin cəzasını şərti hesab edib. R.Allahveriyev məhkəmə zalından birbaşa azadlığa buraxılmışdı.

Prokuror həmin qərardan kassasiya şikayəti verib, təqsirləndirilən şəxsin həbsini tələb edib. Ali Məhkəmə protesti əsaslı hesab edərək işi yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarıb.

Gəncə Apellyasiya Məhkəməsində iş yenidən araşdırılıb. Budəfəki baxışın sonunda təqsirləndirilən şəxsin 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib. R.Allahverdiyev azadlığa buraxıldıqdan 15 ay sonra məhkəmə zalında həbsə alınıb.