Emil Əmiraslanov azadlığa buraxıldı

 12:34 28.11.2023     200

Dələduzluğa və rüşvətə təhrik etməyə görə məhkum edilmiş Bakı Humanitar Kollecinin sabiq rektoru Vaqif Əmiraslanovun oğlu Emil Əmiraslanov vaxtından əvvəl azadlığa buraxılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Təqsirləndirilən Əmiraslanov 2020-ci ildə 3 nəfərin ümumilikdə 52 min manat pulunu ələ keçirməkdə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O, 3 il sonra barəsindəki hökmdən apellyasiya şikayəti verib, Ali Məhkəmənin Plenum qərarına əsaslanaraq Cinayət Məcəlləsinin 32.4,312.2-cü (rüşvət verməyə təhrik etmə) maddəsinin ittihamdan xaric edilməsini, eyni məcəllənin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzasını çəkməsini nəzərə alaraq cəzadan azad edilməsini xahiş edib.

İlqar Murquzovun sədrlik etdiyi məhkəmə heyəti şikayəti təmin edib. E.Əmiraslanov məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qeyd edək ki, İ.Əmiraslanov əvvəllər Yasamal Rayon Məhkəməsində məhkəmə iclasının katibi, məhkəmə icraçısı, 2012-ci ildən 2015-ci illərdə Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi işləyib. O, həm də millət vəkili, professor Əhliman Əmiraslanovun qardaşı oğludur.(Qafqazinfo)