Vətən müharibəsi qazisi həbs edildi - SƏBƏB
Füzuli rayonu ərazisində sərxoş halda ağır yol qəzası törətmiş Vətən müharibəsi qazisi həbs edilib.
Redaktor.az xəbər verir ki, qəza bir müddət əvvəl rayonun Bala Bəhmənli kəndindəki “Dördyol” adlanan yerdə baş verib. Qazi Bəhlul Əliyev idarə etdiyi “Vaz” markalı avtomobillə piyada hərəkət edən Şakir Abbasovu vurub. Ağır vəziyyətdə Bakıdakı xəstəxanaya gətirilən piyada ölüb.
Araşdırmalar zamanı sürücünün hadisədən əvvəl xeyli spirtli içki qəbul etdiyi müəyyənləşib. Ekspertiza rəyinə əsasən onun qanında 1,230 promil spirtli içki aşkarlanıb. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263-1.3-cü, yəni sərxoş halda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə maddəsi ilə cinayət işi açılıb.
Cinayət işinin materialları aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin 7.12.2023-cü il tarixli hökmü ilə Bəhlul Əliyev 4 il sürücülük hüququndan məhrum edilməklə, 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O, cəzaçəkmə müəssisəsinə göndərilib.
Qeyd edək ki, B.Əliyev Vətən müharibəsindən sonra “Qarabağ Uğrunda” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.(publika)