Bəxtiyar Hacıyev ev dustaqlığına buraxılmadı

 17:19 07.01.2024     168

İctimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə təxirə salınmış hazırlıq iclası davam etdirilib.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ilkin dinləmələr keçirilib.

Müdafiə tərəfinin ilk vəsatəti təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı olub.

Növbəti vəsatət isə müttəhimə qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) və 213.1-ci (vergidən yayınma) 
maddəsi ilə irəli sürülmüş ittihamlara xitam verilməsi ilə əlaqədar verilib. 

Hacıyev özü də yalnız 221.2.2 (xuliqanlıq), 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə mühakimə edilməsini istəyib.

Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyəti vəsatətlərin heç birini təmin etməyib.

İş məhkəmə baxışına təyin edilib. Növbəti iclas yanvarın 19-da keçiriləcək.

Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs edilib.