Yanğın zamanı 50 pasiyent təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənib - TƏBİB

 09:08 09.01.2024     344

Respublika Perinatal Mərkəzində yanğınla əlaqədar indiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova açıqlayıb.

"Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir. Yenidoğulmuşların, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyəsi həyata keçirilir. İndiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb", - mətbuat katibi vurğulayıb.

Qeyd olunub ki, yanğın nəticəsində xəsarət alan olmayıb.

"1 nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir. TƏBİB rəhbərliyi hadisə yerindədir", - o diqqətə çatdırıb.