Şəhid oğlu ilə bağlı qərar çıxarıldı

 10:57 19.01.2024     202

Şəki Apellyasiya Məhkəməsində torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada təqsirləndirilən Uğur Salahovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Redaktor.az pravda.az-a istinadən xəbər verir ki, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Zərdab Rayon Məhkəməsinin hökmü ilə o, 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, Uğur Salahov 2021-ci ilin iyun ayının sonlarında vahid niyyətlə Zərdab rayonu ərazisində zərərçəkmişə məxsus olan 480.2 kv metr əmlak kompleksinin "Dədə-Qorqud" dairəsi adlanan ərazi istiqaməti hissəsində 137 kv.metr sahəni, həmçinin, zərərçəkmiş şəxsə məxsus əmlak kompleksinin torpaq sahəsi hüdudlarının bitdiyi ərazinin sərhəd zonası olan, yəni Zərdab şəhər bələdiyyəsi fonduna məxsus 23 kv.metr torpaq sahəsinin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına mişar daşı ilə hasarlayıb. Eləcə də o, həmin yeri betonlamaqla torpaq üzərində özbaşına tikinti işləri apararaq zərərçəkmiş şəxsə və Zərdab şəhər bələdiyyəsinin torpaq üzərində mülkiyyət hüququnu pozub.

Uğur Salahov birinci instansiya məhkəməsinin iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, atası I Qarabağ müharibəsi şəhididir. Eyni zamanda, özü II Qarabağ müharibəsi başladıqda özü könüllü olaraq döyüş bölgəsinə yollandığını deyib.