Azərbaycanda FETÖ-yə görə həbs edilənlərin məhkəməsi başlayır

 13:30 12.02.2024     435

Fətullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, maliyyə işlərinə cavabdeh şəxs Gümrah Əbdürəhmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh olan Anar Əliyevin məhkəməsi başlayır.

Redaktor.az xəbər verir ki, təqsirləndirilən şəxslər Döyrüş Cəfərov və Anar Əliyev barəsində cinayət işləri Abşeron Rayon Məhkəməsinə göndərilib.

Digər təqsirləndirilən İlkin Həşimlinin cinayət işinə Binəqədi, Gümrah Əbdürəhmanovun cinayət işinə isə Nərimanov rayon məhkəmələrində baxılacaq.

Qeyd edək ki, D.Cəfərov, G.Əbdürəhmanov və A.Əliyevin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir təşkilatın təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasını istiqamətində addımlar atdıqları müəyyən edilib. FETÖ-nün idarələrində, mətbəələrində, təlim mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib.

Qeyd edək ki, adıçəkilən şəxslər ötən il iyul ayında Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb və onlar barəsində Cinayət Məcəlləsinin 167-3.1-ci (dinə etiqad etməyə məcbur etmə və ya bu əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb və hər biri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.