Bakıda məktəbli qızların biabırçı videoları YAYILDI
Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub.
Redaktor.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlərin Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləri olduğu bildirilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov saytımıza bildirib ki, videogörüntülərdən məlumatlıdırlar:
“Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır”.
Videonun etik qaydalara sığmadığını və insanların həssaslığını nəzərə alaraq yayımlamırıq.
Hadisə ilə bağlı 156 nömrəli tam orta məktəb də məlumat yayıb.
Məlumatda deyilir ki, məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.
Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.
Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir.
Bakı Şəhər Təhsil İdarəsi də hadisə barədə açıqlama yayıb:
“Paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ nəzarətə götürülüb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”.