21 il əvvəl ərini öldürən qadın həbs edildi

 15:38 01.03.2024     373

Naxçıvanın Kəngərli rayonunun Qarabağlar kəndində 21 il əvvəl törədilmiş, üstü bir neçə gün əvvəl açılmış qətlin bəzi təfərrüatları məlum olub.

Redaktor.az APA-ya istinadən bildirir ki, hadisə zamanı qətlə yetirilən Məhəmməd Kərimov spirtli içki aludəçisi olub. Onun spirtli içki qəbul edərək arvadını və uşaqlarını döydüyü, hadisə baş verən gün də sərxoş olduğu bildirilir. Həmin gün arvadı Həlimə Kərimova ona içki içdiyinə görə irad bildirib. Ər-arvad arasında mübahisə yaranıb. Məhəmməd Kərimov arvadını döyərkən qadın həyətə qaçıb. M. Kərimov arvadını tutmaq istəyərkən qadın yerdən daş götürərək onun başına bir neçə zərbə vuraraq qətlə yetirib. Daha sonra qadın ərinin meyitini quyuya ataraq basdırıb.

Bundan sonra H.Kərimova bütün kəndə və qohumlara Məhəmmədin Türkiyəyə işləməyə getdiyini və ondan xəbər almadıqlarını bildirib.

Qadının ərini qətlə yetirməsini özü və övladları bilib. Məlumata görə, 21 ildən sonra cinayətin üstünün açılmasına səbəb H.Kərimovanın qızının həyat yoldaşından boşanması olub. Keçmiş kürəkən kənddə bir neçə şəxsə Məhəmmədin arvadı tərəfindən öldürüldüyünü deyib. Bundan sonra hüquq-mühafizə orqanları cinayətin izinə düşüb və qətlin üstü açılıb.

Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) ilə maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır. H.Kərimova barəsində heç yerə getməməklə bağlı qətimkan tədbiri seçilib.